İş yerinə xəsarət alanlar üçün: Qayda dəyişir
Milli Məclis sığorta ödənişlərinin sığorta olunanın əlilliyinin müəyyən edilməsi ilə deyil, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun olaraq ödənilməsini ilk oxunuşda qəbul edib.
“Cebheinfo.az” xəbər verir ki, bununla bağlı "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanuna dəyişikliklər parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, Qanunun müvafiq maddəsinə əsasən peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi sığorta olunanın sığorta hadisəsi baş verənədək malik olduğu peşə əmək qabiliyyətinin davamlı itirilməsinin faizlə ifadəsidir.
Bu baxımdan sığorta hadisəsinə görə sığorta ödənişinin verilməsinin vahid meyar üzrə dəyərləndirilməsi məqsədilə birdəfəlik sığorta ödənişinin də sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın əlilliyinin müəyyən edilməsi ilə deyil, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi ilə əlaqələndirilməsi təklif olunur.
Yəni, birdəfəlik sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildikdə həyata keçiriləcəkdir.Peşə əmək qabiliyyətinin itirilməsi özündə eyni zamanda əlilliyin müəyyən edilməsi, yəni orqanizm funksiyalarının itirilməsini də ehtiva edir.
Bildirilib ki, dəyişiklik həmçinin Beynəlxalq Əmək Təşkilatının "Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında" 187 nömrəli Konvensiyasının 4-cü maddəsinin tələblərinə uyğundur.
Sözügedən Qanunda könüllü fəaliyyətin iştirakçısı olan könüllülərin də istehsalatda bədbəxt hadisələrdən icbari sığortalanması nəzərdə tutulsa da, onlara münasibətdə sığorta haqqının ödənilməsi mexanizmi müəyyən edilməyib.
Bu məqsədlə Qanuna əlavə edilməsi təklif olunan 14.2-1-ci maddədə Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan könüllü fəaliyyətin iştirakçısı olan könüllülərə münasibətdə sığorta haqqı onlarla bağlanmış müqavilənin qüvvəyə mindiyi, istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlərə münasibətdə isə istehsalat təcrübəsinin başladığı tarixdən 15 (on beş) iş günü müddətində ödənilməsi müəyyən edilib.
Eyni zamanda layihədə sığorta fondunun sabitliyinin qorunması, sistemin proqnozlaşdırıla bilən olması, çox yüksək gəlirli şəxslərlə orta gəlirli şəxslər arasındakı ödəniş balansının qoruması məqsədi ilə birdəfəlik sığorta ödənişinin verilməsi nəzərdə tutulan hallarda hesablanmış sığorta ödənişinin məbləğinin minimum aylıq əməkhaqqının min mislindən artıq olmamaqla təyin edilərək ödənilməsi təklif olunur.
Vurğulanıb ki, bu həddin tənzimlənməsi risklərin həcmini, həmçinin sığortaçının məsuliyyət dairəsini müəyyənləşdirməyə imkan yaradacaqdır.
Əks təqdirdə riskin idarəolunmazlığı sığorta sisteminin zəifləməsinə, beləliklə sığorta olunanlar qarşısında öhdəliklərin yerinə yetirilməsində çətinliklərin yaranmasına səbəb ola bilər.Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Vilayət Muxtar
“Cebheinfo.az”

