Tibbi arayış niyə cəmi 30 gün etibarlıdır? – TƏBİB AÇIQLADI

Tibbi arayış niyə cəmi 30 gün etibarlıdır? – TƏBİB AÇIQLADI

Azərbaycanda işə qəbul, sürücülük vəsiqəsinin alınması, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul zamanı vətəndaşlardan tələb olunan tibbi arayışın dövlət rüsumu 40 manat, etibarlılıq müddəti isə 1 aydır. İlkin səhiyyə xidməti müəssisələri tərəfindən verilən bu sənəddə şəxsin keçirdiyi xəstəliklər, qəbul etdiyi peyvəndlər və ümumi fiziki vəziyyəti əks olunur. Bəs bu qədər geniş müayinə nəticəsində təqdim edilən sənədin hüquqi qüvvəsinin cəmi 30 gün olmasının səbəbi nədir?

Məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, bu prosedur qanunvericiliklə tənzimlənir. 

Açıqlamada qeyd olunub ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 15 may 2014-cü il tarixli Kollegiya Qərarı ilə "İcbari tibbi müayinələrin keçirilməsi Qaydası" təsdiq edilib:

"Həmin qaydalara əsasən, zərərli və təhlükəli istehsalat amilləri mövcud olan iş yerlərinə, eləcə də ictimai iaşə, ticarət, qida sənayesi, məişət xidməti və təhsil müəssisələrinə işə qəbul olunan şəxslər mütləq şəkildə işəgötürənin göndərişi ilə ilkin icbari tibbi müayinədən keçməlidirlər".

Qurumdan sənədin etibarlılıq müddətinin qısa olmasının tibbi səbəbləri belə izah edilib:

"Vətəndaşın sağlamlıq vəziyyəti yalnız müayinənin aparıldığı tarixə olan faktiki göstəricilər əsasında qiymətləndirilir. İnsan orqanizminin funksional vəziyyəti və sağlamlıq statusu dinamik şəkildə dəyişə bilir. Əgər sənədin etibarlılıq müddəti uzun bir dövrü əhatə edərsə, oradakı məlumatlar aktuallığını və etibarlılığını itirər.

Bu səbəbdən sağlamlıq haqqında arayışın qüvvədə olma müddətinin 30 gün müəyyən edilməsi tibbi cəhətdən tamamilə əsaslıdır. Bu müddətin 3 aya qədər uzadılması məqsədəuyğun deyil. Çünki həmin vaxt kəsiyində şəxsin sağlamlığında baş verə biləcək patoloji dəyişiklikləri və riskləri əvvəlcədən obyektiv şəkildə proqnozlaşdırmaq qeyri-mümkündür".

"Cebheinfo.az"