Milyardlar ölkədən necə çıxarılır?
Bu ilin I rübündə Azərbaycanın kapital və maliyyənin hərəkəti hesabının mənfi saldosu (ölkədən kapital və maliyyə axını) 2 milyard 177,8 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 77,7 % çoxdur.
Bildirilib ki, rüb ərzində Azərbaycanın xalis maliyyə aktivləri 181,6 milyon ABŞ dolları, xalis maliyyə öhdəlikləri isə 1 milyard 995 milyon ABŞ dolları artıb, ayrıca kapital hesabında isə 1,2 milyon dollar kəsir olub.
Bəs ölkədən çıxan bu qədər vəsait hansı istiqamətlərə yönəlib və kapital çıxışının kəskin artmasının əsas səbəbləri nələrdir?
İqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, bu gün xarici şirkətlər gəlirlərini valyutaya çevirib ölkədən çıxarır:

“Hazırda ölkədən kapital çıxışının bir çox səbəbləri var. Səbəblərdən biri Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin əldə etdikləri gəlirləri ölkədən çıxarmaq imkanına malik olmalarıdır. Onlar qazandıqları gəlirləri valyutaya çevirərək ölkədən çıxarırlar".
Natiq Cəfərli vurğulayıb ki, biznes mühitindəki çətinliklər kapitalın ölkədən çıxışını sürətləndirir:
"Digər səbəb isə ölkədə biznes qurmaqda çətinlik çəkən insanların vəsaitlərini xaricə çıxararaq, Gürcüstanda, Türkiyədə, Avropa ölkələrində müxtəlif bizneslər qurmağa çalışmalarıdır.
Son vaxtlar Özbəkistan və Qazaxıstan da bu baxımdan daha populyar istiqamətlərə çevrilib. Bütün bu amillər ölkədən çıxan vəsaitin həcminə təsir göstərən əsas səbəblərdir".
Əfsanə Rəcəb
"Cebheinfo.az"


