Miri Yusif: “Hədəfimiz daha uzunmüddətli konsertlərdir” - FOTOLAR
Xalq artisti Miri Yusif Yaşıl Teatrda baş tutan beş günlük konsert proqramı başa çatıb.
“Cebheinfo.az” xəbər verir ki, Miri Yusif marafonunu uğurla başa vuraraq karyerasında yeni rekorda imza atıb.
Sənətçi vurğulayıb ki, konsert proqramı üç günlük elan edilsə də, əsas plan beş günlük proqram həyata keçirmək olub:
“Əslində niyyətimiz əvvəlcədən beş günlük konsert proqramı idi. Amma ilk mərhələdə üç günü elan etdik. Tamaşaçı marağını və tələbatı gördükdən sonra daha iki günü də proqrama əlavə etdik. Bu sevgi bizi çox xoşbəxt etdi".
Miri Yusif qeyd edib ki, məqsədləri gələcəkdə daha uzunmüddətli konsert layihələri reallaşdırmaqdır:
“Hədəfimiz bundan sonra daha çox günlük konsert proqramları təşkil etməkdir. İnanıram ki, tamaşaçımız buna hazırdır”.
Sənətçi beş gün ərzində ardıcıl eyni səhnədə çıxış etməklə öz rekordunu yenilədiyini də vurğulayıb.
Konsert marafonunun ilk günü 2 iyul – Azərbaycan Polisi Gününə həsr olunub. Həmin axşam polis əməkdaşları, şəhid ailələri və qazilər üçün xüsusi proqram təqdim edilib və gecə duyğusal anlarla yadda qalıb.
Marafonun ən təsirli məqamlarından biri isə Miri Yusifin mərhum atasının tarı ilə “Ata” mahnısını ifa etməsi olub.
Bu çıxış tamaşaçılar tərəfindən ayaqüstə alqışlanıb və konsertlərin ən yaddaqalan anlarından biri kimi qiymətləndirilib.
Xalq artisti gələcək planlarından da danışaraq ən böyük arzularından birinin Şuşada solo konsert vermək olduğunu bildirib:
“Şuşada böyük solo konsert proqramı ilə çıxış etmək ən böyük arzularımdan biridir. Ümid edirəm ki, bunu da həyata keçirəcəyik”.
Qeyd edək ki, Yaşıl Teatrda keçirilən beş günlük konsert marafonu hər gün anşlaqla keçib və Miri Yusifin yaradıcılığında ən genişmiqyaslı konsert layihələrindən biri kimi yadda qalıb.
Əfsanə Rəcəb
"Cebheinfo.az"

