Prezident İlham Əliyevin Qarabağa hər səfəri bir müjdədir

Prezident İlham Əliyevin Qarabağa hər səfəri bir müjdədir

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Laçında "Həkəriçay" su anbarının təməlini qoyub.

Layihəyə əsasən, Azərbaycanın hüdudlarında formalaşan Həkəri çayı üzərində ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olan su anbarının yaradılacaq, həmçinin suburaxma qabiliyyəti saniyədə 8 kubmetr, uzunluğu isə 172 kilometrə yaxın magistral boru kəməri inşa ediləcək.

Bu infrastrukturun Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonları üzrə təqribən 700 min nəfəri saniyədə 2,5 kubmetr həcmində keyfiyyətli içməli su ilə təmin etmək potensialı olacaq.

"Həkəriçay" su anbarından qidalanan magistral boru kəmərinin üzərində ümumi gücü 10.81 MVt olan 3 su elektrik stansiyasının (SES) tikintisi də nəzərdə tutulur.

Eyni zamanda, Prezidenti İlham Əliyev bu gün Laçında Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının onlayn formatda açılışında da iştirak edib.

Qeyd edək ki, ölkə başçısının davamlı olaraq Qarabağa səfərləri zamanı yeni-yeni obyektlərin açılışında iştirak edir. Dövlət başçısının iştirakı ilə həyata keçirilən bu tədbirlər məhz Qarabağın yenidən qurulmasına, əhalinin rifahının yüksəldilməsinə yönəlib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri müavini Azər Badamov "Cebheinfo.az"-a bildirib ki, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı (2022–2026-cı illər)" uğurla icra olunur:

"Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, müasir yaşayış məntəqələri salınır, yollar, körpülər, sosial infrastruktur, təhsil və səhiyyə müəssisələri, kommunal şəbəkələr yaradılır.

Görülən işlər nəticəsində artıq 90 mindən çox keçmiş məcburi köçkünün öz doğma torpaqlarına qayıtması üçün şərait yaradılıb. Bu prosesdə su təsərrüfatı və enerji infrastrukturunun qurulması xüsusi əhəmiyyət daşıyır.

Çünki dayanıqlı məskunlaşma, kənd təsərrüfatının inkişafı, sənaye və xidmət sektorunun formalaşması etibarlı su və enerji təminatı olmadan mümkün deyil. 

Məhz bu baxımdan iyulun 11-də Prezident İlham Əliyevin Laçın rayonunda Həkəri çayı üzərində su anbarının təməlini qoyması, həmçinin Hoçaz çayı üzərində inşa edilmiş su elektrik stansiyalarının açılışında iştirak etməsi “Böyük Qayıdış” Proqramının icrasında mühüm mərhələ hesab oluna bilər.

Layihəyə əsasən, Həkəriçay üzərində ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olan su anbarı, həmçinin 172 kilometr uzunluğunda magistral boru kəməri inşa ediləcək.

Bu infrastruktur Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonlarında 700 mindən çox əhalinin keyfiyyətli içməli su ilə təmin olunmasına, eyni zamanda minlərlə hektar əkin sahəsinin suvarılmasına imkan verəcək.

Layihə regionda kənd təsərrüfatının inkişafına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və yeni iqtisadi fəaliyyət sahələrinin formalaşmasına mühüm töhfə verəcək.

Eyni zamanda, “Həkəriçay” su anbarından qidalanan magistral boru kəmərinin üzərində ümumi gücü 10.81 MVt olan 3 su elektrik stansiyasının (SES) tikintisi də nəzərdə tutulur.

Bununla yanaşı, Prezident İlham Əliyev iyulun 11-də Laçında Hoçaz çayı üzərində yerləşən 14,7 MVt gücündə "Ağbulaq-1", 14,25 MVt gücündə "Ağbulaq-2" və 4 MVt gücündə "Şeylanlı" su elektrik stansiyalarının onlayn formatda açılışında da iştirak edib.

Ümumilikdə, Həkəriçay və onun qolları olan Hoçaz, Şəlvə, Zabux çayları üzərində bugünədək ümumi gücü 72,6 MVt olan 11 su elektrik stansiyası istifadəyə verilib. 

Hazırda Laçın rayonunun təxminən 8–10 MVt həcmində elektrik enerjisinə olan tələbatı tam şəkildə “yaşıl enerji” hesabına ödənilir, istehsal olunan artıq elektrik enerjisi isə ölkənin vahid enerji sisteminə ötürülür".

Onun sözlərinə görə, bu layihələr təkcə infrastruktur obyektləri deyil, həm də işğaldan azad edilmiş ərazilərin iqtisadi dirçəlişinin əsas dayaqlarından biridir:

"Onlar regionun su və enerji təhlükəsizliyini gücləndirir, investisiya mühitini yaxşılaşdırır, kənd təsərrüfatı və sənayenin inkişafı üçün əlverişli şərait yaradır, yeni iş yerlərinin açılmasına və əhalinin dayanıqlı məşğulluğuna xidmət edir.

Bu kimi layihələr “Böyük Qayıdış” Proqramının əsas məqsədlərinə nail olunmasını sürətləndirərək Qarabağ və Şərqi Zəngəzurun dayanıqlı sosial-iqtisadi inkişafına, ölkənin “yaşıl enerji” strategiyasının həyata keçirilməsinə və regionun uzunmüddətli rifahına mühüm töhfə verir".

Nigar Abdullayeva
"Cebheinfo.az"