“Yox” deməyi öyrənin - Psixoloq xəbərdarlıq edir
Son zamanlar bir çox insan istəmədiyi halda belə “hə” deməyə üstünlük verir, başqalarını incitməmək, münasibətləri pozmamaq və ya rədd edilmək qorxusu səbəbindən öz ehtiyaclarını ikinci plana keçirir.
Davamlı olaraq hər kəsi razı salmağa çalışmaq isə zamanla emosional yorğunluq, stress və narazılıq hissini artıraraq psixi sağlamlığa və münasibətlərə mənfi təsir göstərə bilər.
Bəs insanlar niyə “yox” deməkdə çətinlik çəkirlər və bu bacarığı necə inkişaf etdirmək olar?
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Cebheinfo.az”-a bildirib ki, insanların "yox" deməkdə çətinlik çəkməsinin əsas səbəblərindən biri qəbul edilmək və təsdiqlənmək ehtiyacıdır:
“İnsan sosial varlıqdır və daxilən başqalarının sevgisini, hörmətini, rəğbətini itirməkdən çəkinir. Bir çox hallarda "yox" demək qarşı tərəfi incitmək, münasibəti zədələmək və ya "pis insan" kimi görünmək qorxusu ilə əlaqələndirilir.
Xüsusilə uşaqlıqdan "hamını razı sal", "etiraz etmə", "ayıbdır" kimi mesajlarla böyüyən insanlar üçün sərhəd qoymaq zamanla günahkarlıq hissi yaradır.
Nəticədə insan öz ehtiyaclarını arxa plana keçirərək başqalarının gözləntilərinə uyğun davranmağa başlayır. Digər vacib səbəb isə insanların başqalarına öz daxili dünyalarının prizmasından baxmasıdır.
İnsan düşünür ki, özü kimisə incitmək istəmədiyi kimi, qarşı tərəf də onu anlayacaq və ya onun göstərdiyi fədakarlığı qiymətləndirəcək. Lakin hər insanın dəyərləri, gözləntiləri və münasibət qurma tərzi fərqlidir.
Öz emosiyalarını başqalarına proyeksiya etmək çox vaxt insanı həddindən artıq məsuliyyət götürməyə və hər kəsin yükünü daşımağa sövq edir.
Halbuki sağlam münasibətlərin təməlində hər kəsin sərhədlərinə hörmət dayanır və "yox" demək həmin sərhədlərin ən vacib ifadələrindən biridir.
Hər kəsi razı salmağa çalışan insan əslində fərqinə varmadan öz ehtiyaclarını, hisslərini və sərhədlərini davamlı şəkildə ikinci plana keçirir.
Kənardan bu davranış anlayışlılıq və yardımsevərlik kimi görünə bilər, lakin daxilən insan özünə "yox" deməyə başlayır. O, başqalarının rahatlığı naminə öz enerjisindən, vaxtından və emosional resurslarından imtina edir.
Bu isə zaman keçdikcə daxili gərginlik, emosional yorğunluq və tükənmişlik hissi yaradır. İnsan nə qədər çox "hə" deyirsə, bir o qədər öz həyatına nəzarəti itirdiyini hiss edir. Bunun münasibətlərə təsiri də az olmur.
Daim razılaşan insanlar çox vaxt ətrafdakılarda sərhədsiz və hər zaman əlçatan biri obrazı formalaşdırırlar. Nəticədə onların fədakarlığı təbii qəbul edilir və dəyəri hiss olunmur.
Daxildə isə yığılan narazılıq, inciklik və anlaşılmamaq hissi zamanla passiv aqressiyaya, emosional uzaqlaşmaya və münasibətlərdə səmimiyyətin azalmasına səbəb ola bilər”.
Psixoloq qeyd edib ki, sağlam münasibət yalnız "hə" deməklə deyil, lazım olan yerdə hörmətlə və qətiyyətlə "yox" deyə bilməklə qurulur:
“"Yox" deməyi öyrənmək ilk növbədə insanın özünü tanıması ilə başlayır. İnsan hansı dəyərlərin onun üçün vacib olduğunu, nəyə vaxt və enerji ayırmaq istədiyini, hansı hallarda isə sərhəd qoymalı olduğunu aydın şəkildə dərk etməlidir.
Öz ehtiyaclarını tanıyan insan artıq hər müraciətə avtomatik "hə" demir, qərarlarını vicdan əzabı ilə deyil, daxili balansı qorumaq prinsipi ilə verir.
Bu bacarıq bir anda formalaşmır; kiçik situasiyalarda sərhəd qoymağı məşq etdikcə insan özünə olan inamını da gücləndirir. Bununla yanaşı, həyatını yalnız məqsədlər üzərində deyil, plan və strategiya üzərində qurmaq da vacibdir.
Məqsəd hara getmək istədiyimizi göstərirsə, strategiya ora hansı resurslarla və hansı sərhədlər daxilində çatacağımızı müəyyən edir. İnsan öz reallığını, fiziki və emosional imkanlarını unutmamalıdır”.
Onun sözlərinə görə, hər dəvəti qəbul etmək, hər məsuliyyəti üzərinə götürmək uğur əlaməti deyil:
“Əksinə, lazım olan yerdə "yox" deyə bilmək insanın öz həyatına sahib çıxdığını, seçimlərini şüurlu etdiyini və psixoloji sağlamlığını qorumağı bacardığını göstərir”.
Aişə Abdulova
“Cebheinfo.az”

