Azərbaycanda süni intellekt: Bu sahələrdə daha çox səmərə verə bilər
“Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir.
Eyni zamanda, süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır və artıq mərkəzi yer tutur. Sirr deyil ki, dünyanın aparıcı dövlətlərində süni intellektin inkişafı gözlənilən proqnozlardan daha sürətli gedir və bu, öz növbəsində həm yeni imkanlar, eyni zamanda, yeni təhlükələr yaradır.
Biz yeni çağırışlara, xüsusilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində olan və yaranan risklərə hazır olmalıyıq”. Bu fikirləri Birinci vitse-prezident Mehriban Əliyeva sədrliyi ilə keçirilən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında çıxışı zamanı səsləndirib.
O vurğulayıb ki, süni intellekt dövlətlərin təhlükəsizliyinin təmin edilməsində getdikcə daha mühüm rol oynayır və bu sahədə sürətli inkişaf yeni imkanlarla yanaşı, yeni risklər də yaradır.
“Cebheinfo.az”-a açıqlamasında informasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib ki, süni intellektin tətbiqi ən çox təkrarlanan, böyük həcmli məlumatların emalını tələb edən və sürətli qərar dəstəyi verən sahələrdə yüksək səmərəlilik yarada bilər.

O qeyd edib ki, burada məqsəd insanı əvəzləmək deyil, xidmətləri daha sürətli, dəqiq və əlçatan etməkdir: “Beynəlxalq təcrübə göstərir ki, süni intellekt dövlət idarəçiliyinin müxtəlif sahələrində geniş imkanlar yaradır.
Süni intellekt əsaslı virtual köməkçilər və çatbotlar vətəndaşların suallarını 24/7 cavablandıra, müraciətləri istiqamətləndirə və bir çox xidməti avtomatlaşdıra bilər. Bu, növbələri və gözləmə müddətini əhəmiyyətli dərəcədə azaldır.
Minlərlə sənədin avtomatik tanınması, təsnifatı, xülasəsinin hazırlanması və axtarışı dövlət qurumlarının işini sürətləndirir və insan səhvlərini azaldır. Böyük həcmdə maliyyə məlumatlarının analizi vasitəsilə vergi yayınması, şübhəli əməliyyatlar və maliyyə fırıldaqları daha erkən mərhələdə aşkar edilə bilər.
Həmçinin, tibbi görüntülərin təhlili, xəstəlik risklərinin proqnozlaşdırılması, resursların planlaşdırılması və elektron səhiyyə sistemlərinin təkmilləşdirilməsi sahəsində ciddi üstünlüklər yaradır”.
Bəhruz Əliyev vurğulayıb ki, bu texnologiya yol hərəkətinin optimallaşdırılması, tıxacların proqnozlaşdırılması, ictimai nəqliyyat marşrutlarının planlaşdırılması və fövqəladə hallara operativ reaksiya imkanlarını artırır:
“Bundan başqa, informasiya sistemlərinə qarşı kiberhücumların erkən aşkarlanması, anomaliyaların müəyyən edilməsi və təhlükələrin avtomatik təhlili üçün süni intellekt artıq dünyanın bir çox ölkəsində istifadə olunur. Risk analizinin aparılması, rəqəmsal sübutların emalı və cinayət analitikasında hüquq-mühafizə orqanlarına qərar dəstəyi verə bilər.
Həmçinin, peyk təsvirlərinin analizi ilə əkin sahələrinin monitorinqi, quraqlıq risklərinin qiymətləndirilməsi, meşə yanğınlarının və ekoloji problemlərin erkən aşkarlanması mümkündür. Sosial müraciətlərinin daha sürətli qiymətləndirilməsi, və dövlət resurslarının daha səmərəli bölüşdürülməsi təmin edilə bilər”.
Ekspert əlavə edib ki, süni intellekt təhsil sistemində fərdiləşdirilmiş öyrənmə imkanları yarada bilər:
“Şagird və tələbələrin bilik səviyyəsini analiz edərək hər birinə uyğun tədris materialları və tapşırıqlar təqdim edə, müəllimlərə qiymətləndirmə və hesabatların hazırlanmasında kömək edə bilər.
Eyni zamanda, təhsil nəticələrinin analizi, məktəblərin fəaliyyətinin qiymətləndirilməsi, dərs yükünün planlaşdırılması kimi sahələrdə də yüksək səmərəlilik təmin edir. Bu yanaşma həm tədrisin keyfiyyətini artırır, həm də müəllimlərin inzibati yükünü azaldaraq onların əsas diqqətini tədris prosesinə yönəltməsinə imkan verir”. Onun sözlərinə görə, bununla yanaşı, süni intellektin uğurlu tətbiqi üçün yalnız texnologiya kifayət etmir:
“Məlumatların keyfiyyəti, kibertəhlükəsizlik, şəxsi məlumatların qorunması, alqoritmlərin şəffaflığı və insan nəzarəti əsas prinsiplər olmalıdır. Xüsusilə vətəndaşların hüquqlarına təsir edən qərarlarda son qərarın insan tərəfindən verilməsi vacibdir.
Süni intellekt dövlət idarəçiliyini daha sürətli, dəqiq, şəffaf və vətəndaşyönümlü edə bilər. Ən böyük fayda isə rutin işlərin avtomatlaşdırılması sayəsində əməkdaşların daha çox analitik və strateji məsələlərə fokuslana bilməsindədir”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”


