Ət idxalı artıb: Qiymətlər niyə düşmür?
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 17,4 milyon ABŞ dolları dəyərində 4 min 412 ton iribuynuzlu heyvan əti (təzə və yaxud soyudulmuş, dondurulmuş) idxal edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin göstəricisindən dəyər ifadəsində 40 %, kəmiyyət olaraq - 39 % çoxdur.
Hesabat dövründə Azərbaycan Ukraynadan 10,8 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 74 % çox) 2 min 158 ton (+45 %), Braziliyadan 3,5 milyon ABŞ dolları dəyərində (+33 %) 1 min 491 ton (+78 %), Belarusdan 1,6 milyon ABŞ dolları dəyərində (-13 %) 340 ton (-18 %), Hindistandan 1,1 milyon ABŞ dolları dəyərində (-11 %) 319 ton (-21 %), Rusiyadan 231 min ABŞ dolları dəyərində (+88 %) 72 ton (+5 dəfə) məhsul alıb.
2025-ci ildə Azərbaycana idxal edilmiş 13 min 150 ton mal ətinin 53 %-i Ukraynanın, 26,4 %-i Braziliyanın payına düşüb.
Qeyd edək ki, bu gün ölkə fəaliyyət göstərən marketlərin əksəriyyətində xaricdən idxal olunan ətlər istehlakçıya təqdim olunur. Ancaq həmin ətlərin qiyməti heç də ucuz deyil.
Həmin ətlərin idxal qiymətləri bahadır, yoxsa buna gömrük rüsumu səbəb olur?
Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanın bu ilin ilk dörd ayında 4,4 min tondan çox iribuynuzlu heyvan əti idxal etməsi daxili tələbatın bir hissəsinin xarici bazarlar hesabına ödənildiyini göstərir:

“Hesablamalara görə, idxal olunan ətin orta gömrük dəyəri təxminən 4 ABŞ dolları/kq təşkil edir. Bu isə onu göstərir ki, ətin ölkəyə gətirildiyi qiymət elə də ucuz deyil və müxtəlif ölkələr üzrə qiymətlər bir-birindən xeyli fərqlənir. Bu fərq əsasən məhsulun növü, keyfiyyəti, daşınma məsafəsi və logistika xərcləri ilə bağlıdır.
Son istehlakçıya satılan qiymət isə yalnız idxal qiymətindən formalaşmır. Gömrük rüsumu, ƏDV, daşınma, saxlanma, soyuducu anbar xərcləri, topdansatış və pərakəndə satış marjaları da qiymətə təsir göstərən amillərdir. Buna görə də bahalığı yalnız gömrük rüsumu ilə əlaqələndirmək düzgün olmaz”.
Onun sözlərinə görə, digər tərəfdən, bazarda rəqabət mühiti də mühüm rol oynayır:
“Əgər ət idxalı əsasən az sayda şirkətin əlində cəmləşibsə və bazara yeni iştirakçıların daxil olması məhduddursa, bu, qiymətlərin yüksək səviyyədə qalmasına təsir göstərə bilər. Buna görə də qiymətlərin formalaşmasında təkcə idxal xərcləri deyil, bazardakı rəqabət səviyyəsi də nəzərə alınmalıdır.
Bu baxımdan, ət bazarında daha şəffaf və rəqabətli mühitin formalaşdırılması qiymətlərin sabitləşməsinə müsbət təsir göstərə bilər”.
Nigar Abdullayeva
“Cebheinfo.az”


