İtaliya “yanır”: İstilərlə bağlı 25 şəhərdə “qırmızı” xəbərdarlıq
İtaliyada bir müddətdir davam edən isti hava dalğası səbəbindən dünən daha 4 nəfərin həyatını itirdiyi bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, ölkədə 10 gündür davam edən və mövsüm normalarından yüksək olan anomal istilər can itkilərinə səbəb olmağa davam edir.
Milli mətbuatda yer alan xəbərlərə görə, dünən Genuya şəhərində 86 və 74 yaşlı iki qadın istidən halı pisləşərək həyatını itirib.Padova şəhəri yaxınlığındakı Abano Terme qəsəbəsində bir işçi, Mantova şəhərində isə miqrant kənd təsərrüfatı işçisi isti hava səbəbindən ölüb.
Beləliklə, ölkədə ötən həftədən bu yana yüksək temperatur səbəbindən həyatını itirənlərin sayı azı 10 nəfərə yüksəlib. Bu arada, Səhiyyə Nazirliyi bu gün və sabah paytaxt Roma ilə yanaşı, Ankona, Bari, Bolonya, Boltsano, Breşia, Florensiya, Frozinone, Genuya, Latina, Milan, Peruja, Peskara, Rieti, Turin, Venesiya, Verona, Viterbo, Kampobasso, Çivitavekkya, Neapol, Palermo, Kalyari, Kataniya və Triest daxil olmaqla 25 şəhərdə həddindən artıq isti hava səbəbindən “qırmızı” xəbərdarlıq elan edib.
Nigar Hacılı
"Cebheinfo.az"


