100 minlik evlərin 50 manatlıq sığortası: Niyə ödənilmir?

100 minlik evlərin 50 manatlıq sığortası: Niyə ödənilmir?

Azərbaycanda yaşayış evlərinin sığortalanmasına nəzarətlə bağlı yeni mexanizmlərin tətbiq edilməsi təklif olunur.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov Bakıda keçirilən "Əmlak Sığortası və Risklərin Qorunması: Evlərin və Bizneslərin Təhlükəsizliyinin Təmin Edilməsi" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, icbari sığortada əsas məsələlərdən biri sığortalanmaya nəzarət mexanizmidir:

"İcbari sığorta prinsipi tətbiq olunursa, bu o deməkdir ki, qanunvericiliyin icrasına da effektiv nəzarət edilməlidir. Hazırda qeyri-yaşayış sahələrinin icbari sığortasına nəzarəti Fövqəladə Hallar Nazirliyi, yaşayış sahələri üzrə isə yerli icra hakimiyyəti orqanları həyata keçirir.

Hüquqi şəxslərə məxsus qeyri-yaşayış obyektlərində nəzarət mexanizmi daha effektiv işlədiyi üçün həmin sahədə sığortalanma səviyyəsi də daha yüksəkdir.

Yaşayış sahələri üzrə isə mövcud mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac var. Bununla bağlı hökumətə müəyyən təkliflər təqdim etmişik. 

Təkliflərdən biri vətəndaşların istifadə etdiyi dövlət və digər xidmətlər vasitəsilə sığortaya təşviq və cəlbetmə mexanizmlərinin yaradılmasıdır.

Sığortalanmanın əhatə dairəsi genişlənməlidir ki, həm vətəndaşlar, həm də dövlət təbii fəlakətlər və digər risklər nəticəsində yaranan zərərlərdən daha etibarlı şəkildə qorunsun".

Qeyd edək ki, Azərbaycanda evlərin qiymətində artım son zamanların ən çox müzakirə edilən mövzularından biridir. Sənədsiz evlərin qiymətində nisbətən sabitlik olsa da, "kupça"lı evlərlə bağlı eyni fikri demək mümkün deyil. "Kupça"sız evlərin soğrtalanmasına qanun imkan vermir, amma görünən odur ki, hətta sənədli evlərlə bağlı da sığorta yığımında problemlər var. Halbuki mütəxəssislər sığorta haqqının o qədər də yüksək olmadığını deyir.  Yaşayış sahələri üzrə daşınmaz əmlakın icbari sığorta haqqı Bakıda 50 manat, Gəncə, Sumqayıt və Naxçıvanda 40 manat, digər şəhər və bölgələrdə isə 30 manat təşkil edir.

Yeni mexanizmlərin tətbiqi evlərin sığortalanma faizini nə dərəcədə artıra bilər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında sığorta eksperti Vüsal Bədəlov bildirib ki, icbari əmlak sığortası vətəndaşların gözlənilməz hadisələr nəticəsində üzləşdiyi maddi zərərlərin qarşısını qismən almağa kömək edir:

“Ümumiyyətlə, Azərbaycanda yaşayış evlərinin icbari sığortası sahəsində mövcud problemlərin əsas səbəblərindən biri vətəndaşların sığorta ilə bağlı maarifləndirilməsinin zəif olmasıdır.

İnsanlar sığortanın gələcəkdə onlar üçün hansı riskləri qarşılayacağını tam şəkildə bilmirlər. Bununla yanaşı, sığortaya olan inamın da zəif olması öz təsirini göstərir.

Düşünürəm ki, bu istiqamətdə əsas məsuliyyət tənzimləyici qurumların, Sığortaçılar Assosiasiyasının, sığorta şirkətlərinin və sığorta sahəsində çalışan əməkdaşların üzərinə düşür.

Maarifləndirmə işi kompleks şəkildə aparılmalıdır. Maliyyə savadlılığının artırılması vacibdir. Bu sahədə çalışan hər bir şəxs öz mövqeyini düzgün ifadə etməli, insanlara təklif etdiyi məhsulun bütün detallarını izah etməlidir.

Vətəndaş aldığı sığorta müqaviləsinin hansı məqsədə xidmət etdiyini və onu hansı risklərdən qoruduğunu aydın şəkildə dərk etməlidir. Bu yanaşma yalnız icbari sığortanın deyil, eyni zamanda könüllü sığorta növlərinin də inkişafına böyük töhfə verə bilər.

Çünki insanlar sığortanın faydasını və əhəmiyyətini anladıqca digər sığorta məhsullarına da maraq göstərəcəklər”.

Ekspert qeyd edib ki, əmlakın icbari sığortası ilə bağlı əsas problemlərdən biri qanunvericilikdə nəzərdə tutulan cərimələrin tətbiqi məsələsidir:

“Yaşayış evlərinin icbari sığortası üzrə cərimə mexanizmi daha təkmil formada qurulmalıdır. Bu proses tam şəkildə təkmilləşdirilməli və düzgün təşkil olunmalıdır. İnsanları sığorta məhsulu əldə etməyə təşviq edərkən onlara həmin məhsulun hansı riskləri qarşıladığını başa düşəcəkləri formada izah etmək lazımdır.

Hesab edirəm ki, yeni mexanizmlər də məhz bunun üzərində qurulmalıdır. İlkin mərhələdə əsas məsələlərdən biri cərimə mexanizminin işlək vəziyyətə gətirilməsi olacaq.

Bununla yanaşı, vətəndaşların maarifləndirilməsi daim ön planda saxlanılmalıdır. Maarifləndirmə prosesi elə səviyyədə aparılmalıdır ki, hər bir vətəndaş aldığı sığorta polisinin gələcəkdə onun üçün hansı maddi riskləri qarşılayacağını bilsin. 

Sığorta bazarı yalnız icbari növlərdən ibarət deyil. Bu təşviq prosesi düzgün aparılarsa, könüllü sığorta növlərinin inkişafına da ciddi töhfə verə bilər.”

Gülər Həsənli
“Cebheinfo.az”