Razılaşma Hörmüz boğazında ticarəti canlandırdı

Razılaşma Hörmüz boğazında ticarəti canlandırdı

ABŞ və İran arasında əldə olunan razılaşmadan sonra danışıqlar davam edərkən, Hörmüz boğazında ticarət gəmilərinin hərəkəti son bir həftədə əvvəlki həftə ilə müqayisədə 50 faizdən çox artıb. 

"Cebheinfo.az" xəbər verir ki, ABŞ və İran arasında 14 iyunda əldə olunan, 18 iyunda isə tərəflərin imzası ilə qüvvəyə minən memorandumdan sonra davam edən danışıqlar hələ də həssaslığını qoruyur. 

Həmin razılaşmaya Hörmüz boğazının ticarət gəmilərinin hərəkəti üçün yenidən açılması şərti də daxildir. Müharibədən əvvəl hər gün orta hesabla 130 ticarət gəmisinin keçdiyi, lakin 28 fevraldan sonra hərəkətin demək olar ki, dayandığı Hörmüz boğazında ABŞ-İran razılaşmasından sonra nəzərəçarpacaq canlanma müşahidə olunub. 

Buna baxmayaraq, boğazdan keçən gəmilərin sayı hələ də müharibədən əvvəlki səviyyədən təxminən 70 faiz aşağıdır. Sektor nümayəndələri bildirirlər ki, ABŞ və İran arasında davam edən həssas danışıqlar və qeyri-müəyyənlik səbəbindən şirkətlər Hörmüz boğazından keçidlərdə ehtiyatlı davranmağa davam edirlər. 

Məlumat analitikası şirkəti Kpler-in statistikası əsasında hazırlanan məlumata görə, 15–21 iyun tarixlərini əhatə edən həftədə Hörmüz boğazından ümumilikdə 223 ticarət gəmisi keçib. Bu dövrdə gündəlik orta göstərici 32 gəmi olub. Həmin həftədə ən aşağı gündəlik hərəkət 15 iyunda 18 gəmi, ən yüksək göstərici isə 20 iyunda 50 gəmi qeydə alınıb. 

22–28 iyun həftəsində isə Hörmüz boğazından 343 ticarət gəmisi keçib. Son həftədə gündəlik orta keçid sayı 49-a yüksəlib. Ən aşağı gündəlik göstərici 28 iyunda 24 gəmi, ən yüksək göstərici isə 24 iyunda 76 gəmi olub. 

ABŞ/İsrail–İran müharibəsinin başladığı 28 fevral tarixindən sonra Hörmüz boğazında ən intensiv gəmi hərəkəti məhz 24 iyunda qeydə alınıb. Beləliklə, boğazdakı ticarət gəmi hərəkəti son bir həftədə əvvəlki həftə ilə müqayisədə təxminən 54 faiz artıb. Məlumatlar göstərir ki, son olaraq dünən boğazdan 40 gəmi keçib və bu gəmilər ən azı 6 milyon barel xam neft daşıyıb. 

Nigar Hacılı 
"Cebheinfo.az"