Azərbaycanda dollar almaq ÇƏTİNLƏŞİR

Azərbaycanda dollar almaq ÇƏTİNLƏŞİR

“Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nda və 20 dekabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Yerli bankların şöbələrinin fəaliyyəti ilə bağlı şərtlər və tələblər, habelə banklar, onların filial və şöbələri tərəfindən nağd qaydada valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nda dəyişiklik edib.

Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər, eləcə də banklar cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramlarına dair qanunla müəyyən edilmiş minimum tələblərdən əlavə olaraq, müvafiq daxili qayda və prosedurlarında son bir il ərzində 20 min manat və ona ekvivalent məbləğdən artıq məbləğdə əməliyyat aparan fiziki şəxslərə münasibətdə gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsinə dair tələblərə və bu tələblərə riayət edilməsinə dair daxili nəzarət mexanizmlərinə malik olmalıdır. İndiyə qədər nəzarət mexanizmi “təqvim ili” ərzində nəzərə alınırdı.

AMB-nin Maliyyə bazarlarının hüquqi təminatı departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Azərbaycanda dollar almaq gündən-günə niyə çətinləşir?

Hazırkı durumu dəyərləndirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Cebheinfo.az”a açıqlamasında bildirib ki, bu qaydalar bugünədək qüvvədə olub.

Onun sözlərinə görə, hazırda bu məsələnin bir qədər də daxili qaydalarla gücləndirilməsi tövsiyə olunur:

“Fiziki şəxslər il ərzində 20 min manat ekvivalentində hər hansı bir valyutanı ala bilərdi. Bu məbləğdən artıq valyutanın alınması isə adi qaydada mümkün deyil. Belə hallarda banka xüsusi məlumatlar təqdim edilməlidir.

Məsələn, 20 min manatdan artıq valyutanı hansı səbəbdən alırsınız, bu vəsaitin mənbəyi nədir, hansı məqsədlə valyuta əldə edirsiniz və s. bu kimi suallara aydınlıq gətirilməlidir. Yəni burada deklarativ məlumatların toplanması məsələsi mövcuddur.

Əslində isə heç bir ciddi dəyişiklikdən söhbət getmir. Sadəcə olaraq, qanunun tələblərinin daha dəqiq icrası məqsədilə banklara müəyyən daxili mexanizmlərin tətbiqi tövsiyə, daha doğrusu, tələb edilir.

Bu, heç bir halda valyuta satışının məhdudlaşdırılması demək deyil. Vətəndaşlar əvvəlki qaydada, yəni il ərzində 20 min manata qədər valyutanı sərbəst şəkildə ala biləcəklər.

Ola bilər ki, belə hallarda vətəndaşdan iş yeri, əməkhaqqı barədə məlumat tələb olunsun. Hətta bu məlumatlar vətəndaşdan birbaşa alınmadan, bank tərəfindən müvafiq qurumlardan virtual şəkildə arayış formasında da təmin oluna bilər”.

Akif Nəsirli qeyd edib ki, ölkədə valyuta satışına yeni qadağaların qoyulması gözlənilən deyil:

“Hesab edirəm ki, ölkədə valyuta satışına yeni qadağaların tətbiqi gözlənilmir. Düzdür, hazırda müəyyən məhdudiyyətlər mövcuddur və bu məhdudiyyətlər bazar iqtisadiyyatı modelinə tam uyğun gəlmir.

Yəni vətəndaşın valyuta alışının il ərzində məhdudlaşdırılması bazar iqtisadiyyatının prinsipləri ilə ziddiyyət təşkil edir. Ancaq reallıq budur ki, dünyanın heç bir yerində ideal bazar iqtisadiyyatı modeli mövcud deyil.

Azərbaycanda da fəaliyyət göstərən model mükəmməl deyil. Çünki rəqabət bazar iqtisadiyyatının əsas sütunlarından biridir və bu sahədə Azərbaycanda vəziyyət zəifdir. Düşünürəm ki, vətəndaşlar bundan sonra da valyutanı indiyə qədər olduğu kimi ala biləcəklər”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”