Əvəz Zeynallının həyat yoldaşı dövlətdən KÖMƏK İSTƏDİ

“Neçə gündür, nə gecəmiz var, nə gündüzümüz.
Əvəz bəyin analizlərini iki həftəyə yaxındır ki, Ankarada xəstəxanaya təqdim etmişik. Bu müddət ərzində hələ də analizlərin cavabını almamışıq.
“Gözləyin!” deyirlər, çünki həmin təhlillərin nəticələrinə uyğun olaraq müalicə vasitəsi seçəcəklər. “Nəyi gözləyək? Nə vaxtadək gözləyək?” Səbrimiz bir tikə olub. Bir yandan da son günlər Əvəz bəyin səhhətinin ağırlaşması, buna müvafiq olaraq düzgün və mütəmadi müalicənin aparılmaması bizi çıxılmaz duruma salıb.
Əvəz Zeynallı o qədər ağrıyır, canı o qədər sızıldayır ki, bizimlə danışmağa belə gücü çatmır. Bəzən bir cümləni bir neçə dəqiqəqəyə qurur. Bəzən Əvəz bəyin Ankaraya gedəcəyinə, o müalicəni almağa vaxtının belə çatacağına inanmıram”.
“Cebheinfo.az” xəbər verir ki, bunu bir neçə gün əvvəl səhhətiylə əlaqədar həbsdən azad edilən Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı deyib.
“Vaxtımız yoxdur, saniyələri sayırıq. Bu hər kəsə bəllidir. Öz imkanlarımızla bu günə qədər nələrisə etməyə çalışdıq. Görünür, bacarmadıq. Təəssüf. Məcburuq ki, məsuliyyəti və maddi dəstəyi üzərinə götürəcək bir quruma müraciət edək. Yad ölkədir, əlimizin, ünümüzün yetəcəyi yer yoxdur.
Dostların məsləhəti ilə seçdiyimiz yolda çox yubanırıq, həm də gözlədiyimiz dəstəyi görmürük. Ya zəlzələdən, ya da vəlvələdən, hər gün, hər an geriyə gedirik. İrəli addım atacaq halımız qalmayıb.
Əvəz bəy özü müstəqil olaraq qərar vermək iqtidarında deyil. Fikirlərini belə tam ifadə edə bilmir. Ona görə də dövlət tərəfindən rəsmi olaraq mənim himayəmə verilən Əvəz Zeynallının həyat yoldaşı olaraq bütün məsuliyyəti öz üzərimə götürüb, Azərbaycan xalqına və dövlətinə müraciət edirəm:
Əvəz Zeynallı yaşadığı bütün fəaliyyət dövrünü Azərbaycan xalqı və Azərbaycan dövlətinin rifahı naminə keçirib. Vətən sağ olsun, bu gün də xidmətlərini unutmur. Xalqın sevgisini hər an ruhumuzda hiss edirik.
Lakin bu gün imtahan günüdür. Sabah çox gec olacaq, əminliklə, bilərəkdən deyirəm. Əvəz Zeynallının müalicəsi və sağalıb,ayağa qalxması üçün lazım olan hər şeyi etmək gücü göydə Allah, yerdə yalnız dövlətdə və uca xalqımdadır. Ona görə də dövlətimə və xalqıma müraciət edirəm:
bizim dövlətimizdən və millətimizdən başqa kimimiz-kimsəmiz yoxdur. Əvəz Zeynallıya sahib çıxın!”
Xəzər
“Cebheinfo.az”