19-cu Qlobal İslam Maliyyəsi Forumu keçirilib

19-cu Qlobal İslam Maliyyəsi Forumu keçirilib

İslam İnkişaf Bankına üzv ölkələrin ənənəvi illik toplantısı çərçivəsində "Rəqəmsal Transformasiya və İslam Maliyyəsində vəsaitlərin əlçatanlığı" mövzusunda 19-cu Qlobal İslam Maliyyəsi Forumu keçirilib.

Forumda əsas müzakirə mövzuları

APA-nın Əlcəzairə ezam olunmuş əməkdaşı xəbər verir ki, forum çərçivəsində rəqəmsal islam maliyyəsinin poçt xidmətlərinə inteqrasiyası və istiqrazlardan dayanıqlı inkişaf məqsədilə istifadə potensialının öyrənilməsi mövzularında panellər təşkil olunub.

İslam İnkişaf Bankı rəqəmsallaşmanı prioritet elan edir

İslam İnkişaf qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir rəhbərlik etdiyi qurumun islam maliyyəsinin üzv ölkələrdə dayanıqlı iqtisadi inkişafı təmin edəcəyinə əminliyini bildirib:

"İslam maliyyəsinin rəqəmsal iqtisadiyyata inteqrasiyası bu günün tələbidir. Bu innovativ yenilik islam maliyyəsində yeni imkanların açılmasına xidmət edəcək. İslam maliyyəsinin gələcəyi dayanıqlı və möhkəm əməkdaşlıqdan asılıdır. Texnologiyanın geniş inkişaf etdiyi dövrdə rəqəmsallaşma, maliyyə tranzaksiyalarının etibarlılığının təminatı mühüm önəm daşıyır".

Əlcəzairin iqtisadi sabitliyi və islam bankçılığı təcrübəsi

"Bank of Algeria"nın İdarə Heyətinin sədri Eddine Tabel isə diqqəti qlobal iqtisadiyyatın qarşılaşdığı çətinliklərə rəğmən ölkəsinin iqtisadiyyatındakı nisbi sabitliyə və islam bankçılığının qazandırdığı üstünlüklərə yönəldib:

"Əlcəzair bu kimi problemlərin təsirlərini azaltmaq üçün xüsusi proqram hazırlayıb. Hazırda ölkəmizdə 29 bank və maliyyə institutu fəaliyyət göstərir. Biz başa düşürük ki, qlobal dəyişikliklərdən təsirlənmək qaçılmazdır, lakin bunun üçün effektiv tədbirlər proqramı olmalıdır. Əlcəzairin bank sistemi dayanıqlı inkişaf üçün müxtəlif alət və proqramlar hazırlayıb. Eyni zamanda ölkəmizdə qanunvericiliyin yeni tələblərə uyğunlaşdırılması üçün çoxsaylı işlər görülüb. Bunun nəticəsində müxtəlif kateqoriyadan olan subyektlərin islam maliyyəsinə əlçatanlığı təmin edilib. Bu işlərin tərkib hissəsi olaraq maliyyə və kreditləşmə sahəsində 'Bir pəncərə' sistemi tətbiq edilib. Biz maliyyə mexanizmlərinin təkmilləşdirilməsi üçün İslam İnkişaf Bankı ilə effektiv əməkdaşlıq həyata keçiririk. 2023-cü ildə ölkəmizdə islam maliyyəsi məqsədilə 602 milyon dollar vəsait ayrılıb. Mən hesab edirəm ki, belə tədbirlər islam ölkələri arasında bankçılıq və maliyyə sahəsində əlaqələrin inkişafına kömək edəcək".

Süni intellekt və islam maliyyəsinin inteqrasiyası

Avrasiya İnkişaf Bankının İdarə Heyətinin sədri Nikolay Podquzov isə həm islam maliyyəsi, həm də poçt xidmətlərinə süni intellektin tətbiqini vacib sayıb:

"Bu günün tələbləri həm rəqəmsal maliyyə, həm də süni intellektin islam maliyyəsi sisteminə inteqrasiyasını zəruri edib. İslam maliyyəsinin xüsusilə rəqəmsal poçt xidmətlərinə inteqrasiyası islam maliyyəsi alətlərinin köməyilə bu xidmətlərin effektivliyini daha da artırmaq üçün biz həm poçt, həm də gömrük xidmətlərində süni intellektin inteqrasiyasını zəruri hesab edirik. Mərkəzi Asiya regionu xüsusilə də qida məhsullarına halal sertifikatlarının verilməsində lider region hesab edilir. Avrasiya İnkişaf Bankı olaraq İslam İnkişaf Bankının Mərkəzi Asiyada islam maliyyəsinin tətbiqində aparıcı platforma olduğu qənaətindəyik".

“Mərkəzi Asiyada İslam Maliyyəsinin Gələcəyi” jurnalının təqdimatı

Tədbir çərçivəsində İslam İnkişaf Bankı tərəfindən hazırlanmış "Mərkəzi Asiyada İslam Maliyyəsinin Gələcəyi" jurnalının təqdimatı olub.

Jurnalda həm ənənəvi, həm də elektron formatda təqdim olunan nəşrdə islam maliyyəsinin qlobal iqtisadi problemlərin həllində rolu, islam mikromaliyyəsi alətləri, xüsusilə də islam bankçılığının qarşılaşdığı problemlər, onların həlli yolları ilə bağlı yazılar dərc edilib.

"Cebheinfo.az"