AK Partidən Baxçalının təklifinə VETO

Mayın 12-də PKK terror təşkilatının buraxılması və tərksilah edilməsi ilə bağlı bəyanatından sonra Milliyyətçi Hərakat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərliyi ilə komissiyanın yaradılmasını təklif edib.
“Cebheinfo.az” xəbər verir ki, onun təklifinə əsasən 16 siyasi partiyanın 100 nəfər üzvündən ibarət komissiya yaradılmalıdır. TBMM sədri Numan Kurtulmuş MHP liderinin təklifi ilə bağlı prosesin əvvəlki ilə müqayisədə qeyri-adi dərəcədə yaxşı olduğunu deyib:
“Ümumi mənada planlaşdırıldığı kimi irəliləyir. Proses yayın sonuna qədər tamamlana bilər. Növbəti mərhələdə silahların təhvil verilməsi açıq şəkildə görülməli və üzə çıxmalıdır. Nəticədə, terror təşkilatının silahı yerə qoyduğu dəqiqləşəndən sonra Türkiyə Böyük Millət Məclisi prosesə qoşulmalıdır. Biz sabah parlamentdə buna başlaya bilərik. İmralının açıqlaması, terror təşkilatının ləğvi və üçüncü mərhələ tərksilah prosesidir. Siyasətin gündəmə gəlməsi üçün silahların yerə qoyulduğunu və təsdiqləndiyini açıq şəkildə görmək lazımdır”.
Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Zəfər Sarıkaya mövzu ilə bağlı “NTV”-yə açıqlama verib:
“Son 40 ilə baxdığımızda Türkiyənin terror baxımından ödədiyi çox ciddi bədəllər görürük. 40 mindən çox insanımızı itirdiyimiz bu prosesə iqtisadi cəhətdən baxsaq, 1-2 trilyon dollarlıq xərcin təmin edildiyi bir prosesdən bəhs edirik. Ona görə də Baxçalının çağırışı və Prezidentimizin iradəsi ilə başlayan bu proses son dərəcə dəyərlidir.
Ancaq PKK-nın sadəcə silah buraxdığını açıqlaması yetməz, silahlarını təslim etməlidirlər. Silahların hansısa formada gündəm yaratdığı bir zamanda Türkiyə Böyük Millət Məclisində bu prosesin müzakirə edilməsinin mümkün olmadığı qənaətindəyəm.
Ona görə də hesab edirəm ki, silahla bağlı bütün əlaqələrin kəsildiyi dövrdən başlayaraq bütün siyasi partiyaların töhfə verə biləcəyi bir prosesə başlamaq TBMM üçün dəyərli və qiymətli olar”.
O düşünür ki, indiki vəziyyətdə sonrakı mərhələyə keçid doğru deyil:
“Proseslər addım-addım davam etməlidir. Müəyyən bir mərhələdəki bir prosesi növbəti mərhələyə keçirirsinizsə, o mərhələdəki prosedurlar tamamlanmalıdır. Bunları etmədən mərhələni keçməyi doğru hesab etmirəm”.
Elmir Mustafa
“Cebheinfo.az”