Ölkədəki bu universitet üçün HƏYƏCAN TƏBİLİ

“Azərbaycan Dövlət Məşğulluq Agentliyi tərəfindən təqdim edilən “Məzunların məşğulluq reytinqi” ali təhsilin real nəticələrinin göstəricisidir və bu reytinq ali məktəblərin effektivliyini ölçmək üçün kağız üzərində tərtib olunan akademik göstəricilərdən qat-qat dəyərlidir.
Çünki əsl universitet dəyəri onun auditoriyada deyil, məzunlarının real həyatdakı uğurları ilə ölçülür. Bu kontekstdə təqdim edilən göstəricilər bir çox universitet üçün siqnal, bəzi universitetlər üçün isə həyəcan təbilidir”.
Təhsil eksperti Kamran Əsədov Azərbaycan Dövlət Məşğulluq Agentliyinin açıqladığı “Məzunların məşğulluq reytinqi”ni “Cebheinfo.az”-a şərh edib.
Ekspert bildirib ki, məzunları ən çox işlə təmin olunan ali məktəblər siyahısına Bakı Ali Neft Məktəbinin (BANM) 67.3 % göstərici ilə başçılıq etməsi təsadüfi deyil:
“Çünki BANM yalnız yüksək bal toplayan abituriyentləri qəbul edir, təhsil müddətində tələbələrə sənaye ilə birbaşa əlaqəli təlim verilir, beynəlxalq əməkdaşlıq güclüdür, tələbələr real layihələrdə iştirak edirlər və ingilis dili real olaraq tədris vasitəsidir.
Eyni zamanda təhsil zamanı tələbələr partnyor şirkətlərdə təcrübəyə cəlb olunur və bu da əmək bazarına keçidi asanlaşdırır. ADA Universitetinin (53.5 %) ikinci yerdə qərarlaşması da gözləniləndir.
Bu universitetdə də akademik keyfiyyət, xarici dil mühiti və peşə yönümlü bacarıqlar üstünlük təşkil edir. Daha sonra gələn Dövlət İdarəçilik Akademiyası (49.2 %), Turizm və Menecment Universiteti (49.1 %), və Dövlət Pedaqoji Universiteti (48.1 %) isə təəccüblü şəkildə ilk onluqda yer alsalar da, bu göstəricilər geniş təhlilə ehtiyac yaradır.
Maraqlıdır ki, uzun illərdir ölkənin elmi-ictimai simvolu kimi təqdim edilən Bakı Dövlət Universiteti (BDU) 40.2 % məşğulluq göstəricisi ilə bir çox texniki profilli və regional universitetlərdən geri qalır.
Bu, artıq həmin universitetdə verilən təhsilin əmək bazarına uyğun gəlmədiyini göstərir. Eyni şəkildə, ölkənin ixtisaslaşmış texniki təhsil ocaqlarından olan Azərbaycan Texniki Universitetinin (reytinqdə ümumiyyətlə yer almaması və ya aşağı pillələrdə olması) real sektordan nə qədər uzaq düşdüyünü sübut edir. Burada struktur və məzmun islahatlarının vacibliyi daha da önə çıxır”.
Onun sözlərinə görə, region universitetləri ilə bağlı statistik göstəricilər isə bir neçə fərqli sual doğurur:
“Lənkəran Dövlət Universitetinin 47.5 %, Sumqayıt Dövlət Universitetinin isə 43.2 % məşğulluq göstəricisi göstərir ki, regionda da müəyyən dinamika var. Amma bu, həm də o deməkdir ki, bəzi Bakı universitetləri bu regional məktəblərdən belə, geri qalır.
Bu isə paytaxt mərkəzli ali məktəblərin resurs üstünlüyü olmasına baxmayaraq, real nəticə yarada bilmədiyini göstərir. Onlar kağız üzərində beynəlxalq layihələr, konfranslar, saxta reytinqlər və PR kampaniyaları ilə öndə görünməyə çalışsalar da, əmək bazarına çıxanda geridə qalırlar.
Əmək bazarı isə sınaq laboratoriyası deyil, orada nəticə, bacarıq, çeviklik və müasirlik tələb olunur. Bəzi universitetlər hələ də 20-30 il əvvəlki ixtisasları, metodları, müəllim kadrlarını saxlayır, tədris planlarını dəyişmir, əmək bazarının tələblərindən xəbərsiz idarəçilərlə fəaliyyət göstərir.
Tələbə təcrübə tapa bilmir, peşəyönümlü dərs keçilmir, xarici dillərdə tədris imitasiya edilir. Nəticədə diplomlu işsizlər ordusu böyüyür. Bu isə ali təhsilin ictimai etibarını zəiflədir və ailələrin böyük maddi və mənəvi sərmayəsinə qarşılıq olaraq real nəticə vermir.
Bütün bu göstəricilər fonunda universitetlərin əksəriyyətinin sadəcə diplom verən və büdcə xərci yaradan strukturlara çevrildiyini demək olar. Əgər bir universitetin məzununun yarısı belə iş tapa bilmirsə, bu, ali təhsil müəssisəsi deyil, bürokratik institutdur.
Ən acınacaqlı hal isə budur ki, bəzi universitetlər bu cür reytinqlərə reaksiya vermək əvəzinə, hələ də özlərini saxta beynəlxalq reytinqlərə salmaq üçün illik yüz minlərlə manat pul xərcləyirlər. Halbuki real reytinq əmək bazarının cavabıdır. Orada nə VQS “Vahid Qeydiyyat Sistemi), nə “Webometrics”, (Dünya Universitetlərinin “Webometrics” reytinqi), nə QS, (QS World University Rankings “Ən Yaxşı Tələbə Şəhərləri” reytinqi), nə də THE (Böyük Britaniyanın “Times Higher Education” (THE) şirkəti) var. Orada tələbənin özünü doğrultması var. Əgər o doğrultmursa, universitet ona nə öyrədib sualı yaranır.
Nəticə odur ki, bu cür məşğulluq reytinqləri yalnız statistik göstərici deyil, ali təhsil müəssisələrinin hesabatıdır.Onu dəyişmək üçün struktur deyil, məzmun, düşüncə və idarəetmə mədəniyyəti dəyişməlidir. Universitetlər özlərini reklamla deyil, məzunlarının həyat keyfiyyəti ilə tanıtmalıdır. Əmək bazarı diplomun deyil, bacarığın dəyərini ölçür. Təhsil sisteminin gerçək imtahanı da məhz burada verilir”.
Nigar Abdullayeva
“Cebheinfo.az”