İcra başçısı bəzi işçiləri vəzifəsindən azad etdi

Beyləqan Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Əziz Əzizov bəzi işçiləri vəzifəsindən azad edib.
"Cebheinfo.az" İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmrlər imzalanıb.
Belə ki, başçının əmrinə əsasən, RİH-in Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Sona Bəhlul qızı Mirzəyeva vəzifəsindən azad olunub. Onun yerinə Suliddin Yavər oğlu Əsgərov təyin olunub. S.Əsgərov əvvəllər Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.
Ə.Əzizovun digər əmri ilə RİH-in Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçiləri Nicat Vasif oğlu Balaxanov və Cabir Nadir oğlu Əliyev vəzifələrindən azad ediliblər. Həmin şöbəyə Vaqif İlyas oğlu İsrəfilzadə yeni baş məsləhətçi təyin olunub.
Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Rauf Bayram oğlu Abbasov da vəzifəsindən azad olunub. Bir müddətdir müdiri də olmayan həmin şöbədə təkcə bir işçi qalıb, o da aparıcı məsləhətçi vəzifəsində çalışan Nicat Nadir oğlu Abdullayevdir.
Xatırladaq ki, 62 yaşlı Ə.Əzizov 19 ildir icra başçısı vəzifəsində çalışır. O, 2006-2018-ci illərdə Cəlilabadın, 2018-2019-cu illərdə Yasamalın, 2019-2024-cü illərdə Suraxanının icra başçısı vəzifəsində işləyib. 2024-cü ildən isə Beyləqanın icra başçısıdır.
"Cebheinfo.az"