Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaq üstə alqışladı - YENİLƏNİB - VİDEO

Türkiyənin İstanbul şəhərində start götürən VII Etnosport Beynəlxalq Mədəniyyət Festivalı davam edir.
Bu barədə Azərbaycan Atçılıq Federasiyasından bildirilib.
Festival çərçivəsində hər gün Türk dünyasının birliyi, ortaq mədəni kökləri və irsi tədbir iştirakçılarına və qonaqlara nümayiş etdirilir.
Festivalın xüsusi proqramında Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi "Zəfər" şou-kompazisiyasını izləyiblər:
Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığında 130 nəfərdən ibarət nümayəndə heyəti və 20 Qarabağ atının iştirakı ilə təqdim olunan kompozisiyada qədim türk törəsi, Azərbaycan milli musiqi və rəqs ənənələri, eləcə də Qarabağ atlarının estetik və məharətli çıxışları səhnədə canlandırılıb.
Türk dünyasının ortaq mirası olan atçılıq mədəniyyəti, suvarilik sənəti və milli ruhu əks etdirən proqram Türkiyə Respublikasının Prezidenti Ərdoğan və xanımı tərəfindən böyük marağa səbəb olub, ayaq üstə alqışlanıb.
Nümayəndə heyəti Türkiyə rəhbərliyinin "Zəfər" şou- kompozisiyasını böyük maraqla izləməsini, göstərilən yüksək diqqəti məmnunluq və qürur hissi ilə qarşılayıb.
Qeyd edilib ki, mayın 25-də Azərbaycan nümayəndə heyətinin növbəti çıxışı keçiriləcək və bununla da VII Etnosport Beynəlxalq Mədəniyyət Festivalı başa çatacaq.
16:06
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən VII Beynəlxalq Etnoidman və Mədəniyyət Festivalında Azərbaycan komandasının çıxışına baxıb.
"Cebheinfo.az" “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Dünya Etnoidman Konfederasiyasının təşkilatçılığı ilə keçirilən tədbir dünyanın hər yerindən ənənəvi idman növlərinin həvəskarlarını bir araya gətirib.
Ərdoğan folklor qruplarının çıxışlarını maraqla izləyib, onların arasında Qarabağ atları ilə akrobatik atçılıq şousu xüsusilə seçilib.
Şou zamanı atlılar Türkiyə və Azərbaycanın bayraqlarını qaldırıblar. Türkiyə lideri ayağa qalxaraq onları gurultulu alqışlarla dəstəkləyib.
Xatırladaq ki, festivalda Azərbaycanı Dövlət Sərhəd Xidmətinin tərkibi 100 nəfərdən çox olan nümayəndə heyəti, Türkiyədəki səfirlikdə Azərbaycan Mədəniyyət Mərkəzinin qurduğu çadır və 20 Qarabağ atı təmsil edir. Ölkənin tədbirdə iştirakını Azərbaycan Atçılıq Federasiyası təşkil edib.
Mayın 25-dək davam edəcək festivalda ümumilikdə Qarabağ atlarının 6 çıxışı nəzərdə tutulub.
"Cebheinfo.az"