Günəş enerjisi: İstifadə üçün nələr edilməli?

Günəş enerjisi: İstifadə üçün nələr edilməli?

"Qlobal iqlim dəyişikliyinin fəsadları ilə mübarizə dövründə yaşayırıq". 

Bu sözləri “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli "Cebheinfo.az"-a açıqlamasında deyib.

O bildirib ki, son 150 ildə planetimizdə temperatur 1 dərəcə artıb:

"İnsan fəaliyyəti özündə ehtiva edən sənayeləşmə, urbanizasiyanın güclənməsi, əhali artımı nəticəsində atmosferdə istixana effekti yaradan qazların miqdarı çoxalır. Daha çox atmosfer kirliliyi yaradan isə fosil yanacaqla (kömür, neft və təbii qaz) işləyən sənaye müəssisələri və nəqliyyat vasitələridir.Bu gün qlobal iqlim dəyişikliyinin nəticələrini yumşaltmaq üçün sənayedə texnoloji transferlər zəruridir. 

Dünyada dayanıqlı inkişafın təmin edilməsi üçün yeni və daha ekoloji təmiz enerji qaynaqlarına ehtiyac yaranıb. Bərpa olunan enerji-qalıq yanacaq materiallarına - neft, qaz, daş kömürə nisbətən atmosferi daha az çirkləndirir". 

Ekspert qeyd edib ki, bərpa olunan enerji ötən əsrin 70-ci illərində neft böhranından sonra populyarlaşmağa başlayıb:

"Günəş və külək enerjisi resurslarının araşdırılması yayğınlaşdı. Son illər Azərbaycanda bərpa olunan enerji növlərinin tədqiqi ilə bağlı mühüm addımlar atılıb. Ölkəmizdə 2020-cu ildə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb. “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyası fəaliyyətə başlayıb.

Xatırladım ki, Azərbaycanın bərpaolunan enerji potensialı zəngindir. Belə ki, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir".

Elman Cəfərli diqqətə çatdırıb ki, Günəş enerjisi Yer kürəsində ən bol və təmiz enerji mənbələrindən biridir:

"Evlər, bizneslər və sənaye müəssisələri üçün elektrik, istilik və işıq təmin edə bilər. Günəş enerjisindən istifadənin bir neçə metodu var. Birincisi, günəş fotovoltaik sistemləridir. Bu sistemlər fotovoltaik hüceyrələrdən ibarət günəş panellərindən istifadə edərək günəş işığını birbaşa elektrik enerjisinə çevirir. 

Günəş istilik sistemləri isə günəşdən istiliyi alır və onu suyun və ya havanın qızdırılması, hətta buxar turbinləri vasitəsilə elektrik enerjisi istehsalı üçün istifadə edir. Günəş panelləri adətən silikondan hazırlanan fotovoltaik hüceyrələrdən ibarətdir. Günəş işığı PV hüceyrənin səthinə dəydikdə, silisium materialındakı elektronları həyəcanlandırır və onların hərəkətinə səbəb olur. Bu hərəkət elektrik cərəyanı yaradır".

Həmsöhbətimiz vurğulayıb ki, proqnozlara görə, 2030-cu ilədək bərpaolunan mənbələrdən və yaxud “yaşıl enerji”dən alınan elektrik enerjisi dünyada elektrik enerjisi istehsalının 65 faizini təmin edəcək:

"Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin hesablamalarına görə, 2050-ci ilədək dünyada elektrik enerjisinin 90 faizi bərpaolunan və yaxud “yaşıl enerji” mənbələrindən əldə edilə bilər. “Yaşıl enerji”yə keçid planetimizi ekoloji böhrandan çıxarmağa yardımçı ola bilər. Yetər ki, bütün dövlətlər buna səs göstərsin və bərpa olunan enerji sektorunun yaranmasına maliyyə ayırsın.

Hesablamalara əsasən, karbon qazı emissiyası qlobal səviyyədə 2050-ci ilə qədər 70 faiz azaldılacaq ki, bu da iqlim dəyişikliyinin qarşısının alınmasına kömək edəcək. İlk növbədə külək və günəş enerjisi hesabına elektrik enerjisi istehsalında sürətli artım olacaq. 

Qafqaz, Mərkəzi Asiya, Şərqi və Cənub-Şərqi Avropa regionu yaşıl enerjis istehsalında öncül mövqedə olacağı proqnozlaşdırılır. Hesab edilir ki, alternativ enerji mənbələrinə keçid sosial-iqtisadi inkişafa təkan verəcək. Yeni istehsal müəssisələrinin yaradılması yeni kadrlara tələbat yaradacaq, yeni iş yerlərinin yaranmasına səbəb olacaq".

Elmir Mustafa
"Cebheinfo.az"