Serj Sarkisyanın tərəfdarlarından Paşinyana JEST

"“Şərəfim var” fraksiyasının deputatları mayın 6-da baş nazirliyə namizəd məsələsini ilkin şərt olmadan müzakirə etməyə və Baş nazirə etimadsızlıq təşəbbüsü prosesini başlatmağa hazır olduqlarını təsdiq ediblər. Lakin deputatlar Ovik Ağazaryan və Akop Aslanyan tərəfindən təklif edilən Edmon Marukyanın namizədliyinin irəli sürülməsi prosesinə qoşulmamaq qərarına gəliblər”.
“Cebheinfo.az”-ın məlumatına görə, fraksiyanın rəhbəri Hayk Mamicanyan tərəfindən dərc edilmiş bəyanatda belə deyilir.
“Marukyan siyasi mövqeyinə görə indiki rəhbərlərdən heç nə ilə fərqlənmir və ölkəmizin acınacaqlı vəziyyətinə eyni dərəcədə cavabdehdir”,-deyə “Şərəfim var” fraksiyasının bəyanatında bildirilir.
Qeyd edilir ki, fraksiya Nikol Paşinyanın “Nikol Paşinyan-2” ilə əvəzlənməsinin əleyhinə olduğundan, Marukyanla görüşə ehtiyac görmür.
Xatırladaq ki, aprel ayında müxalifət fəalları Narek Malyan və Edqar Kazaryan parlament üzvlərinə müraciətlə impiçment elan ediblər. “Şərəfim var” müxalifət bloku bu təşəbbüsü dəstəkləməyə hazır olduğunu bildirib. “Ermənistan” fraksiyası isə bu təşəbbüsün müəlliflərinin səmimiliyinə şübhə edərək, küçə təzyiqinə çağırıb.
Bundan sonra “Vətəndaş Müqaviləsi” fraksiyasından ayrılmış deputatlar Akop Aslanyan və Ovik Ağazaryan baş nazir postuna keçmiş səfir Edmon Marukyanın namizədliyini irəli sürərək parlament fraksiyaları ilə danışıqlara başlayıblar.
Müşfiq Abdulla
“Cebheinfo.az”