Tramp və Netanyahu arasında gərginlik artır
ABŞ ilə İran arasında razılaşdırılan sülh sazişi İsrailin Baş naziri Binyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında gərginliyə səbəb olub.
“Cebheinfo.az” “Reuters”-ə istinadən xəbər verir ki, Netanyahu keçirdiyi mətbuat konfransında Tramp ilə zaman-zaman fikir ayrılıqları yaşadıqlarını etiraf edib.
Belə ki, İsrail Baş naziri Binyamin Netanyahu Donald Trampla birlikdə aparılan müharibənin İrandakı dini hakimiyyəti zəiflədəcəyini və bunun ona daxili siyasətdə üstünlük qazandıracağını düşünürdü.
Lakin ABŞ Prezidenti Donald Trampın müharibədən çıxış yolu axtarması iki lideri fərqli hədəflərə yönəldib.İsrailin Livandakı əməliyyatları davam etdiyi halda, tərəflərin müharibənin əvvəlində elan etdikləri məqsədlərin böyük hissəsi də reallaşmayıb.
İsrailli rəsmilər ictimaiyyət qarşısında Vaşinqtona münasibətdə ehtiyatlı mövqe sərgiləsələr də, “Reuters” agentliyinə danışan yüksək vəzifəli israilli məmur sazişi "İsrail üçün dəhşətli" adlandırıb:
"Baş nazirdən tutmuş Baş Qərargah rəisinədək İsrail rəhbərliyində bu sazişi müsbət qarşılayan heç kim yoxdur".
Vaşinqton isə bəyan edib ki, atəşkəs prosesi çərçivəsində qarşıdakı 60 gün ərzində İranın nüvə proqramı başda olmaqla, ABŞ və İsrailin narahatlıqlarını aradan qaldıracaq yekun razılaşmanın əldə olunması üçün danışıqlar davam etdiriləcək.
Netanyahu bazar ertəsi gecə Qüdsdə keçirdiyi mətbuat konfransında Donald Trampla müəyyən məsələlərdə fikir ayrılıqlarının olduğunu bir daha təsdiqləyib:
"ABŞ-nin Prezidenti odur, İsrailin Baş naziri isə mənəm. Əksər hallarda eyni düşünürük, bəzən isə mövqelərimiz fərqlənir. Mən İsrailin təhlükəsizlik maraqlarına cavabdehəm".
Məlumata görə, ABŞ ilə İran arasında İsveçrədə cümə günü imzalanması gözlənilən memorandum Livan da daxil olmaqla bütün cəbhələrdə daimi atəşkəsin təmin edilməsini nəzərdə tutur.
Bununla belə, Netanyahu İsrail ordusunun Cənubi Livanda qalacağını və “Hizbullah” hücumlarına qarşı "hərəkət azadlığını" qoruyacağını vurğulayıb.
"İran bizim bölgədən çıxmağımızı istədi, ancaq buna qarşı çıxdım", - deyən Netanyahu ölkənin şimalında yaşayan israillilərin təhlükəsizliyi üçün yaradılmış təhlükəsizlik zonasının qorunacağını bildirib.
Əfsanə
“Cebheinfo.az”

