Qubada yolda asfalt örtüyünün çökməsi ilə bağlı tədbirlər görülür - YENİLƏNİB

Qubada yolda asfalt örtüyünün çökməsi ilə bağlı tədbirlər görülür - YENİLƏNİB

Quba rayonunda aktiv sürüşmə prosesi nəticəsində avtomobil yolunda yaranan çöküntü nəqliyyatın hərəkətində çətinlik yaradıb.

APA-nın Şimal bürosunun məlumatına görə, Yuxarı Tüləkəran–Möhüc–Yenikənd avtomobil yolunun Əski İqrığ kəndi ərazisindən keçən hissəsində asfalt örtüyü çöküb. Nəticədə Yuxarı Tüləkəran, Möhüc, Yenikənd, Əski İqrığ və ətraf ərazilərdə yerləşən ümumilikdə 6 kəndin rayon mərkəzi ilə nəqliyyat əlaqəsində problemlər yaranıb.

Sürüşmə nəticəsində yol infrastrukturu ilə yanaşı, bəzi elektrik dirəklərinə də ziyan dəyib.

Rayon Fövqəladə Hallar Komissiyasından APA-nın Şimal bürosuna bildirilib ki, əraziyə baxış keçirilib və vəziyyət nəzarətdə saxlanılır. Məlumata görə, kəndlərin nəqliyyat əlaqəsinin bərpası məqsədilə hazırda müvəqqəti alternativ yol təşkil olunub və nəqliyyat vasitələrinin hərəkəti həmin istiqamət üzrə təmin edilir.

Qeyd olunub ki, ərazidə vəziyyətin qiymətləndirilməsi və yaranmış fəsadların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər davam etdirilir.

***

13.23

Quba rayonunda avtomobil yolu qəzalı vəziyyətə düşüb.

APA-nın Şimal bürosunun məlumatına görə, Yuxarı Tüləkəran–Möhüc–Yenikənd avtomobil yolunun Əski İqrığ kəndi ərazisindən keçən hissəsində asfalt örtüyü çöküb.

Yolun sözügedən hissəsində yaranan çöküntü səbəbindən hər iki istiqamətdə avtomobillərin keçidində məhdudiyyət yaranıb.

Marşrut boyu ümumilikdə 7 fərqli ərazidə çökmə qeydə alınıb.

"Cebheinfo.az"