Zelenski Fransada G7 liderləri ilə qapalı görüş keçirib

Zelenski Fransada G7 liderləri ilə qapalı görüş keçirib

Ukrayna Prezidenti Volodimir Zelenski Fransanın Evian şəhərində keçirilən sammit çərçivəsində "Böyük Yeddilik" (G7) ölkələrinin liderləri ilə qapalı formatda görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" nəşri məlumat yayıb. Bildirilib ki, danışıqların əsas mövzusu Ukraynadakı hərbi münaqişə olub.

Qəzetin yazdığına əsasən, görüşdən əvvəl Fransa Prezidenti Emmanuel Makron Zelenskini şəxsən qarşılayaraq qucaqlayıb. Tərəflər Kiyevə yardımların davam etdirilməsinə qarşı çıxan ABŞ Prezidenti Donald Trampla dialoqun necə qurulacağı məsələsini müzakirə ediblər. Zelenskinin Trampla ikitərəfli görüş barədə suala mənfi cavab verdiyi ehtimal olunur.

Ağ Evdən də Donald Trampın Zelenski ilə xüsusi bir görüş planlaşdırmadığı bildirilib, lakin tədbir çərçivəsində qısa ayaqüstü söhbətin mümkünlüyü istisna edilməyib. Xəbərə görə ABŞ rəhbəri Zelenskinin G7 liderləri ilə keçirdiyi qapalı iclasda iştirak etməyib.

İyunun 16-da Cenevrə gölünün cənub sahilində yerləşən Fransanın Evian kurort şəhərində "Böyük Yeddilik" liderlərinin sammitinə start verilib. İyunun 17-dək davam edəcək toplantıda G7-yə daxil olan ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiya dövlət başçıları, həmçinin Avropa İttifaqının nümayəndələri iştirak edirlər.

"Cebheinfo.az"