Orxan Məmmədov: "Azərbaycan halal iqtisadiyyat üçün əlverişli şərait yaradır"
Azərbaycan halal iqtisadiyyat üçün əlverişli şərait yaradır.
APA xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov İslam İnkişaf Bankı (İİB) Qrupunun Bakıda keçirilən İllik Toplantıları çərçivəsində keçirilən Halal forumdakı çıxışında deyib.
“Azərbaycan üçün halal ekosisteminin və halal iqtisadiyyatın inkişafı yalnız iqtisadi imkan deyil, həm də strateji prioritetdir”, - o bildirib.
Onun sözlərinə görə, Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan regional və beynəlxalq bazarları birləşdirən mühüm körpü rolunu oynayır.
“Biznes mühitinin yaxşılaşdırılmasına, sahibkarlığın dəstəklənməsinə və innovasiyaların təşviqinə yönəlmiş islahatlar vasitəsilə Azərbaycan halal yönümlü biznes və investisiyalar üçün əlverişli şərait yaradır”, – Orxan Məmmədov bildirib.
KOBİA sədri qeyd edib ki, halal iqtisadiyyatının gələcəyi təkcə bazarların böyüməsindən deyil, həm də tərəfdaşlıqların gücündən asılı olacaq.
O, hökumətləri, biznes dairələrini, maliyyə institutlarını və digər maraqlı tərəfləri əməkdaşlığı gücləndirməyə çağırıb.
Orxan Məmmədov vurğulayıb ki, etik prinsiplərə, risklərin bölüşdürülməsinə və real iqtisadi fəaliyyətə əsaslanan İslam maliyyəsi halal bizneslərin, xüsusilə də kiçik və orta sahibkarlıq subyektlərinin inkişafında mühüm rol oynaya bilər.
Onun fikrincə, halal sənayesi iştirakçıları ilə İslam maliyyə institutları arasında əməkdaşlığın gücləndirilməsi investisiyaların səfərbər edilməsinə, ticarətin genişlənməsinə və üzv ölkələrdə davamlı iqtisadi artım üçün yeni imkanların yaranmasına töhfə verəcək.
"Cebheinfo.az"

